Elektron Texniki Xidmət və
Uzadılmış Zəmanət Müqaviləsi (Oferta)
Maddə 1 — Müqavilənin predmeti və şərtləri
1.1. Bu müqaviləyə əsasən, İcraçı tərəfindən Müştəriyə məxsus elektron avadanlığa (cihaza) müqavilədə göstərilən müddət ərzində tam texniki servis, usta və təmir dəstəyinin göstərilməsini öhdəsinə götürür.
1.2. Bu uzadılmış texniki zəmanət YALNIZ Azərbaycan Respublikası ərazisində, tərəfdaş mağazalardan rəsmi şəkildə satın alınmış YENİ (istifadə olunmamış) və orijinal məhsullar üçün keçərlidir. İkinci əl (işlənmiş), qeyri-orijinal və ya Azərbaycan Respublikası hüdudlarından kənarda əldə edilmiş cihazlara bu zəmanət şamil edilmir.
1.3. Cihazda hər hansı texniki nasazlıq yarandıqda, o, mütləq İcraçının rəsmi Servis Mərkəzinə təqdim edilməli və burada peşəkar texniki qiymətləndirilməsi (diaqnostikası) aparılmalıdır.
Maddə 2 — Zəmanətə daxil olan və istisna hallar
2.1. Servis Mərkəzində aparılan qiymətləndirmə zamanı aşağıdakı istisna hallar aşkar edilmədiyi təqdirdə, daxili texniki, proqram və aparat nasazlıqlarının təmiri tam şəkildə zəmanətə daxildir və pulsuz icra olunur.
2.2. Zəmanətə daxil OLMAYAN (istisna) hallar:
- Maye təması: Cihazın daxilinə su və ya digər mayelərin düşməsi nəticəsində yaranan korroziya və nasazlıqlar.
- İstifadəçi səhvi: Cihazın Müştəri tərəfindən fiziki zərbəyə məruz qalması, sındırılması, əzilməsi və ya təyinatından kənar istifadə edilərək yararsız hala salınması.
- Kənar müdaxilə: Cihazın "Synapse Eco Group Company" MMC-nin rəsmi Servis Mərkəzindən kənarda, hər hansı üçüncü şəxs (digər ustalar və ya Müştərinin özü) tərəfindən açılması, təmirinə cəhd edilməsi və ya cihazın strukturuna toxunulması.
- Xarici təsirlər: Yanğın, qəza və digər xarici təsirlər nəticəsində yaranan zədələr.
- Elektrik qeyri-sabitliyi: Elektrik cərəyanının qeyri-sabitliyi və ya elektrik şəbəkəsi səbəbindən yaranan nasazlıqlar.
- Saxlama qaydalarının pozulması: Məhsulun düzgün saxlanılmaması və istifadə qaydalarına əməl edilməməsi.
- Proqram təminatına müdaxilə: Proqram təminatının Müştəri tərəfindən dəyişdirilməsi (yenidən qurulması, "root"/"jailbreak" edilməsi və s.) və ya bunun nəticəsində yaranan zədələnmə.
- İdentifikasiya məlumatlarının pozulması: Cihazın seriya nömrəsinin, plombunun, stikerinin və ya digər identifikasiya məlumatlarının silinməsi, dəyişdirilməsi və ya oxunmaz vəziyyətə salınması.
- İstehlak xarakterli hissələr: Fiziki təsirə daim məruz qalan və təbiətinə görə zaman keçdikcə aşınan, istehlak xarakterli hissələrin (məs. batareya tutumu, kabellər, örtük və s.) sıradan çıxması.
Maddə 3 — Təmiri mümkünsüz cihazların tənzimlənməsi
3.1. Servis Mərkəzinin rəyinə və rəsmi yoxlanışına əsasən, daxil olan cihazın nasazlığı zavod xətası (istehsalat qüsuru) olarsa və eyni zamanda cihazın tam təmiri texniki cəhətdən mümkünsüz (bərpası qeyri-mümkün) hesab edilərsə, məhsulun əvəzlənməsi və ya məbləğ şərtləri başladılır.
3.2. Zavod xətası səbəbindən təmiri mümkünsüz olan belə bir cihazın analoji və ya eyni göstəricilərə malik başqa bir cihazla əvəzlənməsi mümkün olmadıqda, Müştəriyə pul ödənişi mexanizmi tətbiq edilir.
3.3. Ödəniş və 50% Şərtinin Hesablanması: Cihazın dəyəri onun ilkin alış qiyməti ilə deyil, servisə təqdim edildiyi andakı real işlənmiş (ikinci əl) hazırkı bazar qiymətinə əsasən hesablanır. Təyin olunmuş bu real bazar qiymətinin 50%-i (əlli faizi) İcraçı ("Synapse Eco Group Company" MMC) tərəfindən Müştəriyə ödənilir.
3.4. Komissiya Tutulması: Bu maddənin 3.3-cü bəndinə uyğun olaraq hesablanmış və Müştəriyə ödəniləcək həmin 50%-lik məbləğdən, göstərilən diaqnostika, kargüzarlıq və servis xidmətləri üçün əlavə olaraq 10% (on faiz) komissiya tutulur və qalıq məbləğ Müştəriyə nağd və ya köçürmə yolu ilə təslim edilir.
Maddə 4 — Tərəflərin hüquq və öhdəlikləri
4.1. Müştəri, nasazlıq yaranan andan etibarən cihaza kənar müdaxilə etmədən 3 (üç) iş günü ərzində İcraçıya məlumat verməlidir.
4.2. Müştəri, zəmanət xidmətindən istifadə etmək üçün cihazı zəmanət sənədi ilə birlikdə Servis Mərkəzinə təqdim etməlidir. Zəmanət sənədi təqdim edilmədikdə və ya sənəddəki məlumatların cihazla uyğunluğu təsdiqlənmədikdə, İcraçı pulsuz zəmanət xidməti göstərməkdən imtina edə bilər.
4.3. İcraçı, servisə qəbul edilmiş cihazın təmirini, texniki baxışını və ya dəyişdirilməsini, adətən 14–30 (on dörd–otuz) iş günü müddətində tamamlamağı öhdəsinə götürür. Bu müddət nasazlığın xarakterindən, ehtiyat hissələrinin tədarük müddətindən və texniki prosesdən asılı olaraq dəyişə bilər.
4.4. Müştəri bu müqaviləni təsdiq etməklə daxil etdiyi şəxsi məlumatların doğruluğuna tam məsuliyyət daşıyır.
4.5. Cihazı satmış tərəfdaş mağaza, Müştəriyə Qızıl Zəmanətin şərtləri barədə düzgün məlumat vermək, zəmanət sənədini doğru məlumatlarla rəsmiləşdirmək və Müştərinin müraciəti zamanı ona lazımi dəstəyi göstərmək öhdəliyini daşıyır.
Maddə 5 — Zəmanət haqqının hesablanması
5.1. Qızıl Zəmanət haqqı cihazın satış qiymətinə uyğun olaraq, satış anında sistem tərəfindən avtomatik və pilləli qaydada hesablanır:
- 200 AZN-dək satış qiyməti üçün — 30 AZN sabit məbləğ;
- 200–400 AZN aralığında — satış qiymətinin 15%-i;
- 400–1000 AZN aralığında — satış qiymətinin 10%-i;
- 1000 AZN-dən yuxarı — satış qiymətinin 7%-i.
5.2. Hesablanmış zəmanət haqqı cihazın satış qiymətinə əlavə olunur və Müştəri tərəfindən satınalma zamanı ödənilir.
Maddə 6 — Mübahisələrin həlli və yekun müddəalar
6.1. Bu müqavilədən irəli gələn bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə, razılıq əldə olunmadıqda isə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir.
6.2. Müştəri tərəfindən elektron platformada şərtlərin qəbul edilməsi ("Təsdiq edirəm" düyməsinin sıxılması) Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tərəflər arasında yazılı müqavilənin bağlanmasına bərabər hüquqi qüvvəyə malikdir.
e-zemanet.az platforması üzərindən
Bakı, Azərbaycan
aktivləşdirən şəxs
(elektron təsdiqlə imzalanır)